Başımda o qaradərili qızın sevdası | Salam Sarvan

Alo!
Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə,
öz şəhərimizdə gördüyümüz qızları sevdik.
Bəlkə də mənim əsl sevgim
Məsələn, uzaq Afrikadakı qaradərili qız idi. 

Mən o qızı düşündükcə indi ahıl yaşımda,
utanıram evimdə öz həyat yoldaşımdan. 

Bəlkə o qaradərili qız da ovucunu yağışlara,
üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:
“İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –
nədən uzaq saldın iki sevgilini?” 

Alo!
Tanrı bir-biriyçün yaranmışların hamısını
bir-birindən uzaqda yaradıb əslində:
əlimiz çatan qadın – yarımız deyil,
ayağımız çatan torpaq – yerimiz deyil! 

Mən bu tənhalığı daha yaxşı anlayıram
fikrimdə o qaradərili qızın
uzun, qara barmaqlarını hördükcə.
Gündüz Günəşi, gecə Ayı
göy üzündə qərib ada şəklində gördükcə...
Öz zəncirimə hürdükcə. 

Alo!
Mən bu tənhalığı daha yaxşı anlayıram
o qaradərili qızı isladan yağışların
sahilində gəzdiyim bu dənizin buxarından
yarandığını bildikcə. 

Darıxıram-içirəm, içirəm-darıxıram.

Başımda o qaradərili qızın sevdası,
içimdə mühacirət arzusu –
neçə vaxtdı ki, başımı aşağı salb
Yerin fırlanmağına baxıram...

 

0 şərh